Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib


24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi nəticəsində Azərbaycanda
sosial-iqtisadi inkişaf təmin olunub, tikinti fəaliyyəti də daxil olmaqla bir çox sektorlarda əhəmiyyətli irəliləyiş əldə olunub. İqtisadiyyatın aparıcı sektorlarından biri olan tikinti sektorunun inkişafı ilk növbədə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir, böyük sosial əhəmiyyətə malikdir. Komitə sədri bildirdi ki, 2018-ci ildə ümumi sahəsi 2 084 700 kvadrat metr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Samir Nuriyev qeyd etdi ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, bu sahədə təmin olunan müsbət dəyişikliklər beynəlxalq təşkilatlar və aparıcı reytinq agentliklərinin də diqqət mərkəzindədir. Belə ki, həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabata əsasən, Azərbaycan, həmçinin "Tikinti üçün icazələrin alınması" indikatoru üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib.

Komitə sədri bildirdi ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir və bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş başlıca vəzifələrdəndir. O, ölkə rəhbərliyinin tapşırıqlarına əsasən son dövrdə şəhərsalma sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verdi.



Bütün xəbərlər