Şərqi Zəngəzurda yaşayış məntəqələrinin layihələndirilməsinə dair Azərbaycan ilə UN-Habitat arasında Töhfə Sazişi imzalanıb
15 iyul 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikası ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsi üzrə Töhfə Sazişi imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax imzalayıblar.
İmzalanmış Saziş Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bununla ilk dəfə olaraq UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin layihələndirilməsi prosesində birbaşa iştirak edəcək. Bu əməkdaşlıq “Böyük Qayıdış”a dair II Dövlət Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün daha dayanıqlı və insanmərkəzli yaşayış mühitinin formalaşdırılmasına töhfə verəcək.
Saziş çərçivəsində UN-Habitat-ın beynəlxalq ekspertləri azərbaycanlı mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədlərini birgə hazırlayacaqlar. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin layihələndirilməsi üzrə müasir yanaşmalar beynəlxalq peşəkar təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdiriləcək.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də milli insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər üçün təlimlər və praktiki seminarlar təşkil olunacaq. Bu isə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində uzunmüddətli milli ekspert potensialının artırılmasına imkan yaradacaq.
Bu təşəbbüs “Böyük Qayıdış”a dair II Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsini dəstəkləyəcək. UN-Habitat-ın beynəlxalq təcrübəsi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsində əldə etdiyi nailiyyətləri bir araya gətirən əməkdaşlıq müasir infrastrukturu, keyfiyyətli yaşayış mühitini və dayanıqlı məkan həllərini özündə birləşdirən yaşayış məntəqələrinin inkişafına xidmət edəcək. Beləliklə, vətəndaşların doğma yurdlarına təhlükəsiz, rahat və ləyaqətli qayıdışı üçün daha əlverişli şərait yaradılacaq.