WUF13 Azərbaycan Pavilyonunda “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda birgə sessiya keçirilib
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Böyük Britaniya Lordlar Palatasının üzvü və Millətlər Birliyinin sabiq Baş katibi Patrisiya Skotland, UN-Habitat təşkilatının sabiq İcraçı direktoru Maymuna Mohd Şərif, eləcə də beynəlxalq ekspertlər və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
Sessiyada çıxış edən Anar Quliyev bildirib ki, Azərbaycan dayanıqlı şəhər inkişafı, inteqrasiya olunmuş ərazi planlaşdırılması və müasir urbanizasiya prinsiplərinə əsaslanan yanaşmaları ardıcıl şəkildə təşviq edir. O qeyd edib ki, ekoloji dayanıqlılıq, “ağıllı” texnologiyaların tətbiqi, enerji səmərəliliyi və şəhər mühitinin keyfiyyətinin artırılması ölkənin şəhərsalma siyasətinin əsas prioritetlərindəndir.
Çıxış zamanı Anar Quliyev azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə də məlumat verərək, həmin ərazilərdə müasir məkan planlaşdırılması modellərinin tətbiq olunduğunu və dövlət qurumları ilə yerli idarəetmə arasında effektiv koordinasiya mexanizmlərinin formalaşdırıldığını vurğulayıb.
Müzakirələr zamanı iştirakçılar əlçatan və dayanıqlı mənzil təminatı istiqamətində çoxtərəfli əməkdaşlığın, milli və yerli idarəetmə institutları arasında koordinasiyanın, həmçinin innovativ maliyyə mexanizmlərinin əhəmiyyətini qeyd ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGIC) və UN-Habitat-ın birgə təşkilatçılığı ilə keçirilib.