Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

- Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə işğaldan azad olunan torpaqlarımız da artıq bir çox mühüm toplantılara ev sahibliyi edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə keçirilən ilk Azərbaycan Milli Şəhərsalma Forumu tədbirlər çərçivəsində xüsusi əhəmiyyətə malikdir. Anar müəllim, bu konfransın Azərbaycanda keçirilməsinin məqsədi nədən ibarət idi?

- Azərbaycan hökumətinin şəhərsalma siyasətinə cavabdeh orqanı kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illər ərzində beynəlxalq əlaqələrini fəal inkişaf etdirməkdədir. Bu sahədə çox böyük təcrübəsi olan qlobal təsisatlardan biri də BMT-nin Məskunlaşma Proqramı - “UN-HABITAT”-dır ki, komitəmiz bu beynəlxalq təşkilatla daha sıx əməkdaşlıq edir, qurumun təşəbbüskarlığı ilə verilən qlobal prioritetlərin reallaşdırılmasına dəstək göstərir, Dünya Şəhərsalma Forumunun (“World Urban Forum”) təşkilatçılığı ilə keçirilən tədbirlərin aktiv iştirakçısıdır.

Məlum olduğu kimi, 2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) qəbul edilmişdir. Azərbaycan da bu məqsədlərə qoşulmuşdur və “Şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olmasını təmin etmək” üzrə 11-ci məqsəd işimizdə rəhbər tutduğumuz qlobal hədəflərdən biridir. Bunlara nail olmaq üçün ölkəmizdə səmərəli milli icra mexanizmi formalaşdırılmışdır. Məhz bu məqsədlə aidiyyəti dövlət orqanlarının rəhbərliyinin təmsil olunduğu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış, bir sıra yol xəritələri və dövlət proqramları qəbul olunmuşdur.

2016-cı ildə “Mənzil Təminatı və Dayanıqlı Şəhər İnkişafı”na dair keçirilmiş III HABITAT konfransında BMT Baş Assambleyasının qətnaməsi ilə DİM-lər nəzərə alınmaqla “2030-cu ilədək Dayanıqlı Şəhərlər və Yaşayış Məskənlərinə dair Kioto Bəyannaməsi” və “Yeni Şəhər Gündəliyi” (“New Urban Agenda”) qəbul edilmişdir. Hər iki sənəd şəhərlərin qurulması, idarə olunması və komfortlu yaşayış üçün şəhər mühitinin yaxşılaşdırılmasını nəzərdə tutan fəaliyyət yönümlü olmaqla bərabər, həm də 11-ci DİM-ə nail olmaq üçün zəruri indikatorları müəyyən edir. Komitəmiz tərəfindən hazırlanan ərazi planlaşdırma və işğaldan azad edilmiş ərazilər üçün işlənən şəhərsalma sənədlərində DİM-dən və “Yeni Şəhər Gündəliyi”ndən irəli gələn yanaşmalar geniş tətbiq edilir.

İlk Azərbaycan Milli Şəhərsalma Forumu - Ağdam Forumu hökumətimizin UN-HABITAT ilə birgə təşəbbüsü idi. Ağdam Forumu şəhərsalma sahəsində təcrübə mübadiləsi və dayanıqlı inkişafın təmin edilməsi üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından daha səmərəli bir platforma rolunu oynayır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə son dövrdə ölkəmizdə şəhərsalma sahəsində əsaslı islahatlar aparılır, aparıcı dünya təcrübəsi nəzərə alınmaqla genişmiqyaslı quruculuq işləri, yeni şəhərsalma və memarlıq layihələri həyata keçirilir. Ötən müddət ərzində Azərbaycan ən qabaqcıl şəhərsalma yanaşmalarını tətbiq etməyə çalışır, çoxsaylı beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq qurur.

Forumun 2 günlük proqramı çərçivəsində biz əldə etdiyimiz təcrübəmizi çoxsaylı xarici ekspertlərlə paylaşmağa çalışdıq. Eyni zamanda, forumun məqsədi  aktual qlobal şəhərsalma çağırışlarının həlli sahəsində əldə etdiyi təcrübəni bölüşmək, hər kəs üçün səmərəli və məhsuldar fikir mübadiləsi aparmaq idi.

Ağdam Forumunun başlica mövzusu BMT-nin müəyyən etdiyi əsas alətlər olaraq DİM-in və “Yeni Şəhər Gündəliyi”nin postmünaqişə dövründə bərpa və yenidənqurma layihələrində aparıcı qüvvə roluna həsr olunmuşdu.

Dövrümüzün acı reallığı ondan ibarətdir ki, dünyanın bir sıra ölkələri hərbi münaqişələr nəticəsində yaşayış məntəqələrinin postmünaqişə reabilitasiyası ilə üz-üzədir. Azərbaycan ərazisinin 20 faizi uzun illər işğala məruz qalmış, 900-ə yaxın yaşayış məntəqəsi tamamilə dağıdılmış, 1 milyon hektardan çox torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsindən çıxarılmış, yüzlərlə mədəni irs obyekti məhv edilmişdir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan genişhəcmli quruculuq işləri dünya ekspertlərinin əsas maraq dairəsindədir və Azərbaycan ərazilərinin postmünaqişə reabilitsiyası təcrübəsi böyük diqqət cəlb edir.

Forumun ilk günü işğaldan azad olunmuş Ağdam şəhərində, ikinci günü isə ADA Universitetinin dəstəyi ilə Bakıda baş tutdu. Tədbirdə 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələr, mütəxəssislər və digər maraqlı tərəflər iştirak etdi. İlk Azərbaycan Milli Şəhərsalma Forumunun ümumilikdə 400-dən çox iştirakçısından 130-u xarici ölkələri təmsil edirdi. BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun, bir sıra hökumət rəhbərlərinin Ağdam Forumunda iştirakı isə ölkəmizə, dövlətimizin qlobal şəhərsalma proseslərinə töhfəsinə və tədbirin proqramının əhatə etdiyi aktual mövzulara böyük diqqətin göstəricisi kimi qiymətləndirilə bilər.

 

- Məkan olaraq konfransın məhz “Qafqazın Xirosiması” adlandırılan Ağdamda baş tutmasının önəmi barədə fikirlərinizi bilmək istərdik.

- Ağdam Qarabağın ən böyük şəhəri olmaqla bərabər komitəmiz tərəfindən işğaldan azad edilmiş torpaqlar içərisində Baş planı işlənilən və layihələndirilməsi yekunlaşan ilk yaşayış məntəqəsidir. Təəssüf ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin çox geniş şəkildə aparılmasına böyük maneçilik törədən həmin yerlərin minalardan və partlamamış sursatlardan hələ də təmizlənməməsi məsələsidir. Faktiki olaraq bərpa-quruculuq işlərinin tempi və məcburi köçkün əhalinin repatriasiyası məhz bu faktordan asılıdır.

Bununla belə bərpa-quruculuq işləri digər ərazilərlə müqayisədə Ağdamda daha tez başlanılıb. Burada yekunlaşmış, eləcə də bitməkdə olan layihələr var. Məhz bunlar bizə forumu Ağdamda keçirmək imkanı qazandırdı.

Qeyd etdiyiniz kimi, Ağdam “Qafqazın Xirosiması” adlandırılır. Forum iştirakçılarına, xarici qonaqlara Ağdamın işğalı zamanı burada törədilmiş urbisid, ekosid, kulturasidin acı nəticələrini və dövlətimiz tərəfindən hazırda aparılan genişmiqyaslı quruculuq işlərini canlı göstərmək də çox önəmli idi.

 

- Anar müəllim, Prezident İlham Əliyev Azərbaycanın erməni işğalından azad olunan ərazilərinin tarixi və gələcəyi barədə forum iştirakçılarına geniş məlumat verdi. Cənab Prezident xarici ölkələrin nümayəndələrinə hansı məqamları çatdırdı? 

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın forumda iştirakı ölkəmizdə şəhərsalma proseslərinə və xüsusən də işğaldan azad edilmiş ərazilərin yenidən canlandırılması məsələsinə böyük diqqətin göstəricisidir. Dövlət başçısı çıxışı zamanı işğaldan azad edilmiş ərazilərin tarixinə nəzər yetirdi, torpaqlarımızın illərlə işğal altında saxlanıldığı dövrdə burada törədilən dağıntılardan, tarixi, dini, mədəni abidələrimizin söküldüyündən, təhqir olunduğundan, beynəlxalq hüququn Ağdamın timsalında bütün digər ərazilərimizdə də kobud şəkildə pozulduğundan danışdı. Lakin bu gün Azərbaycan dövləti tərəfindən bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını və hazırda yeganə maneənin torpaqların minalardan təmizlənməsi olduğunu bildirdi.

Təbii ki, cənab Prezident burada həyata keçirilən böyük layihələr haqqında da forum iştirakçılarına ayrıca məlumat verdi. Həmçinin qarşımızda dayanan əsas vəzifənin işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması olduğunu və insanların öz yurdlarına tez bir zamanda qayıtması üçün bütün güclərin səfərbər edildiyini vurğuladı. Bildirdi ki, onilliklər ərzində Azəbaycan xalqı bu torpaqlardan didərgin düşüb, bütün yaşayış evləri, infrastruktur demək olar ki, tamamilə məhv edilib. Lakin indi sürətli şəkildə bərpa işləri gedir və bütün yaşayış məntəqələrimiz yenidən, müasir standartlar əsasında daha keyfiyyətli şəkildə qurulur. Zəngilan rayonunun ilk məskunlaşdırılmış Ağalı kəndi bu deyilənlərə ən gözəl nümunədir.

Torpaqlarımız 30 ilə yaxın işğal altında saxlanılıb. Lakin Azərbaycan dövləti öz gücü ilə bu torpaqları geri qaytarıb. İndi bizim məqsədimiz sülhdür və bu, təkcə bizim yox, qonşularımızın da əsas amalı olmalıdır.

Bu da  cənab Prezidentin önəmli mesajlarından biri idi.

 

- Forumun gələcəyi və Azərbaycanda şəhərsalma proseslərinə töhfəsi barədə nə deyə bilərsiniz?

- Azərbaycan bu gün həcminə, keyfiyyətinə və sürətinə görə dünya miqyasında presedentsiz və qabaqcıl şəhərsalma standartlarına uyğun olaraq kompleks bərpa-quruculuq işlərini uğurla həyata keçirir. Qısa müddət ərzində bu dərəcədə genişmiqyaslı işlərin paralel həyata keçirilməsi böyük sayda yüksək ixtisaslı layihəçi, memar, mühəndis və inşaatçıların cəlb olunması ilə yanaşı, effektiv institusional idarəetmə resursları da tələb edir. Dövlət başçımızın 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli və bərpa-yenidənqurma işlərində iştirak edən bütün təşkilatların fəaliyyətinin koordinasiyası məqsədi ilə bütün hökumət üzvlərinin daxil olduğu Əlaqələndirmə Qərargahı yaradılmışdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də digər nazirlik və dövlət komitələri ilə yanaşı sözügedən qərargahın üzvü qismində işğaldan azad edilmiş yaşayış məntəqələrinin əsas ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını təmin edir. Bununla yanaşı, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərdə təqdim etdiyi yeni Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi İnstitutunun da şəhər və kəndlərimizin bərpasında böyük rolu var. Bir sıra fəaliyyət istiqamətləri ilə yanaşı hazırlanan baş planların da reallaşdırılması məhz bu yeni təsisatın uğurlu fəaliyyəti sayəsində mümkün olur.

Ötən qısa müddət ərzində tərəfimizdən aparıcı dünya təcrübəsi, o cümlədən UN-HABITAT-ın təqdim etdiyi “Yeni Şəhər Gündəliyi” və müəyyən etdiyi digər yanaşmalar da rəhbər tutularaq, yerli və beynəlxalq mütəxəssisləri cəlb etməklə şəhərlərin baş planları hazırlanır, müfəssəl planlaşdırma aparılır. Məlum olduğu kimi, bu növ məsələlərdə tikintinin təşkili qədər kompleks planlaşdırmanın aparılması da olduqca vacibdir.

Cəmi bir ilə Komitə tərəfindən işğaldan azad olunmuş bütün regionun Ümumi Planının hazırlanması təmin edilmiş, bir çox şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılmışdır, onlarla yaşayış məntəqələrinin layihələndirilməsi hazırda davam etdirilir. Baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş istifadəsi və digər bu kimi məsələlər prioritet götürülmüşdür.

Həmçinin ərazi planlaşdırma sənədlərinin işlənməsi zamanı mədəni və tarixi irs obyektlərinin bərpası, qorunması və ictimai-mədəni mühit üçün zəruri infrastrukturun yaradılması da diqqətdə saxlanılır, mövcud abidələr və onların cari vəziyyətinə dair məlumatlar nəzərə alınır. Eyni zamanda, hazırda infrastruktur layihələri, avtomobil və dəmir yollarının, hava limanlarının tikintisi artıq işğaldan azad edilmiş regionun ümumi planına uyğun həyata keçirilir.

Bununla yanaşı, tərəfimizdən mütəmadi olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin müasir dövrün çağırışlarına, iqlim şəraitinə və təbii proseslərə uyğunlaşdırılaraq yenilənməsi prosesi də aparılır. Eyni zamanda, hər bir yeni layihələndirmə zamanı məkana uyğun əsrlərlə formalaşmış kompleks memarlıq ənənələrinin də qorunmasına xüsusi önəm verilir. Əməkdaşlıq etdiyimiz memarlar məhz yerli ənənələrdən, zəngin tarixi-memarlıq irsindən ilhamlanaraq yeni, müasir layihələr ərsəyə gətirirlər.

Onu da qeyd edim ki, tikinti, şəhərsalma və memarlıq dinamik bir sahədir və hər zaman yeniliklərin öyrənilməsini, müasir çağırışlarla uzlaşmağı tələb edir. Odur ki, bu sahədə mərkəzi icra hakimiyyəti orqanı olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə qabaqcıl təcrübəsi olan xarici dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.

İnanıram ki, Azərbaycan Milli Şəhərsalma Forumu hər il təşkil olunaraq getdikcə daha böyük sayda şəhərsalma peşəkarlarının diqqətini cəlb edəcək və qlobal məskunlaşma çağırışları ətrafında məhsuldar fikir mübadiləsinin aparıldığı, yeni şəhərsalma yanaşmalarının formalaşdığı bir meydan olaraq nüfuzunu möhkəmləndirəcək və postmünaqişə dövründə yaşayış məntəqələrinin reabilitasiyası mövzularında dialoqun aparıldığı beynəlxalq platformaya çevriləcək.