Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Kəlbəcər şəhərində Şəhərsalma məsələləri üzrə  İşçi qrupunun iclası keçirilib
Kəlbəcər şəhərində Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib

07 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun Kəlbəcər şəhərində növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, İdarələrarası Mərkəzin katibliyinin rəhbəri Nüsrət Süleymanov və Şəhərsalma məsələləri üzrə İşçi Qrupunda təmsil olunan qurumların nümayəndələri iştirak ediblər.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Kəlbəcər rayonunda aparılan şəhərsalma fəaliyyəti və layihələndirmə işləri haqqında ətraflı məlumat verilib, daxili yol-küçə şəbəkəsinin planlaşdırılması, yaşayış məntəqələrinin elektrik enerjisi və su ilə təminatı, eləcə də digər infrastruktur obyektlərinin bərpası istiqamətində görüləcək işlər, bölgənin turizm potensialının inkişafı məsələləri müzakirə edilib. İşçi qrupunun iclaslarının artıq bir qayda olaraq işğaldan azad olunmuş şəhərlərimizdə keçirilməsnini sevindirici bir hal olduğunu qeyd edən Komitə sədrinin birinci müavini iclasın Kəlbəcərdə ilk dəfə keçirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında nəzərdə tutulan məsələlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün aidiyyəti qurumlar tərəfindən görülmüş və görüləcək işlərin müzakirə edilməsi, müvafiq tapşırıqların verilməsi üçün iclasın əlverişli platforma rolunu oynadığı qeyd edilib.

 

İclasda məlumat verilib ki, Kəlbəcər şəhərinin Baş planı hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Ölkə rəhbərliyinin göstərişləri əsasında inkişaf konsepsiyasına uyğun olaraq rayon infrastrukturu sürətlə yenilənməkdədir. Cari ildə dövlət başçısı tərəfindən Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, 960 şagird-yerlik orta məktəb binasının, habelə rayonun Zar, Zallar və Yanşaq kəndlərinin təməli qoyulub. Qeyd edilənlərin layihələndirməsi ilə yanaşı, İstisu qəsəbəsində mehmanxana kompleksi və su istehsalı zavodu tikilir.

 

Mövcud plan üzrə 2023-cü ildə Kəlbəcər rayonunda daha 7, 2024-cü ildə isə 4 yaşayış məntəqəsinin layihələndirilmə işləri aparılacaq. Ümumilikdə 2026-cı ilədək 1-i şəhər,  1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Bunlarla yanaşı bildirilib ki, işğaldan azad edilmiş torpaqlarda yaşayış ərazilərinin minalardan təmizləmə prosesi də sürətlə davam etdirilir. Belə ki, 2023-cü ilin 8 ayı ərzində rayonda yaşayış məntəqələri torpaqları üzrə təxminən 1105 hektar sahədən 653 hektarı minalardan təmizlənib. İnfrastruktur məsələlərinə gəldikdə isə Kəlbəcər şəhərində yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində ümumi uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin hazırda 18,87 km-lik hissəsi layihələndirildiyi qeyd olunub.

 

Eyni zamanda, Kəlbəcər rayonunda 2026-cı ilə qədər təxminən 2000-ədəd fərdi yaşayış evinin və 1500 ədəd mənzilin - ümumilikdə 3500-ədəd evin tikilərək istismara verilməsi nəzərdə tutulur. Kəlbəcər şəhərində tikiləcək evlərə ilkin mərhələdə 2024-cü ildə olmaqla bütövlükdə 5000-dən artıq, kənd və qəsəbələrə isə 8000-ə yaxın, ümumilikdə 13000-ə yaxın insanın köçürülməsi planlaşdırılır.

 

İclasda bugünədək Kəlbəcər ərazisində həyata keçirilmiş işlərə dair məlumat verildikdən sonra müzakirələr zamanı  qarşıdakı dövrdə görülməsi planlaşdırılan məsələlərə dair müvafiq tapşırıqlar verilib. Daha sonra Şəhərsalma məsələləri üzrə İşçi qrupunda təmsil olunan qurumların nümayəndələri Kəlbəcər şəhərində inşası aparılan ilk yaşayış məhəlləsinə baxış keçiriblər.  



Bütün xəbərlər