Gənc memarların və tələbələrin işlərinin VI Respublika müsabiqəsi keçirilib

27 iyul 2019

27 iyul tarixində Bakıda “White gallery & art school” qalereyasında Azərbaycan Memarlar İttifaqı və “Gənc Memarlar və Tələbələr Klubu”nun təşkilatçılığı ilə gənc memarların və tələbələrin əsərlərinin növbəti VI Respublika müsabiqəsinin nəticələrinin təqdimatı keçirilib. Müsabiqənin təşkilində məqsəd yeni ideyaların təşviqi və istedadların müəyyən edilməsi, eləcə də memarlıqda qeyri-standart konsepsiya axtarışı, memarlığa müasir yanaşma, memarlıq mühitinin formalaşmasında yeni tendensiyaların və müasir memarlıqda yeni perspektiv istiqamətlərin geniş kütləyə və potensial sifarişçiyə layiqli təqdimatı, novator ideyalara investorların diqqətinin cəlb edilməsidir.

Müsabiqədə respublikamızın 29 yaş həddində gənc memar və tələbələrinin iştirakı təmin edilib. Bütün ideya və layihələr fərdi, kurs və diplom işləri formatında təqdim edilib. Ümumilikdə müsabiqədə qiymətləndirilməyə 40 iş nümayişə çıxarılıb.

Modern və milli üslubda hazırlanmış layihələr təqdimat iştirakçılarının böyük marağına səbəb oldu, münsiflər heyəti tərəfindən ən layiqlilər seçildi. Müsabiqədə fərqlənən işlərin müəllifləri bir neçə dövlət qurumu tərəfindən fəxri diplomlar və hədiyyələrlə təltif olundu.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ənənəvi olaraq artıq növbəti ildir ki, gənc memarlar müsabiqəsinə və iştirakçılarına xüsusi dəstək göstərir. Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Nəzrin Babaşovanın “500 nəfərlik məktəb” layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəxri fərmanına layiq görüldü, müəllifinə qiymətli hədiyyələr təqdim olundu.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkədə gənc memarların yetişdirilməsi, yeni peşəkar mütəxəssislərin formalaşması məsələsini daim diqqət mərkəzində saxlayır, respublikanın müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlığını davam etdirərək məzunlarının özünü reallaşdırması, istedad və potensialının üzə çıxarılması üçün zəruri şəraitin yaradılmasını prioritet vəzifələrindən biri kimi görür.

Gənc memarları təbrik edir, gələcək karyeralarında uğurlar arzulayırıq!

FOTOŞƏKİLLƏR




geriyə