Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun ilk iclası keçirildi

28 iyun 2019

Bakı şəhərinin Baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən formalaşdırılmış qurumlarası İşçi qrupun ilk iclası 27 iyun 2019-cu il tarixində Bakı Biznes Mərkəzində keçirilmişdir. Bir çox nazirliklərin, dövlət komitələrinin və digər aidiyyəti dövlət qurumlarının həm rəhbərlik, həm də ekspert səviyyəsində təmsil olunduğu bu İşçi Qrupun tərkibi ümumilikdə 38 təşkilatın 100-ə yaxın nümayəndəsini əhatə edir. İşçi Qrupun ilk iclası Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi ilə keçirildi.

İşçi Qrupun yaradılmasında məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsi və əlaqələndirilməsidir.

İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirdi ki, Bakının Baş planının aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq iki mərhələdə təşkil olunmuş hazırlanması prosesi sürətlə davam etdirilir. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi “BCG” şirkətinin dəstəyi ilə Komitə tərəfindən hazırlanmış Bakının İnkişaf Konsepsiyası və şəhərin müəyyən edilmiş inkişaf prioritetləri hazırda reallaşdırılan 2-ci mərhələdə görülən işlərin əsasını təşkil edir. Bakının Baş Planının hazırlanması işi keçirilmiş açıq beynəlxalq tenderin qalibi – qərargahı Almaniyada yerləşən “AS+P” nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkətinə, habelə şikətin yerli tərəfdaş qismində əməkdaşlığa cəlb etdiyi “BakıDövlətLayihə” İnstitutuna həvalə edilib.

Samir Nuriyev qeyd etdi ki, dünya təcrübəsinə əsasən, Bakı kimi iri şəhərlərin baş planlarının işlənməsinə 3-4 il vaxt ayrılsa da, Bakının Baş planının hazırlanması işininin daha tez – 2020-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Sədr vurğuladı ki, bu məsuliyyətli və şərəfli vəzifəni müəyyən olunmuş müddətdə və müvafiq keyfiyyət standartlarına uyğun olaraq yerinə yetirmək məqsədilə aidiyyəti dövlət qurumlarının formalaşmış İşçi Qrupu formatında səmərəli əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir:

“Baş Planın hazırlanması işinin uğurunda İşçi Qrupun səmərəli fəaliyyətinin, o cümlədən müvafiq məlumatların işlənməsində dəqiqliyin və çevikliyin böyük payı olacaq. Bununla yanaşı, İşçi Qrupda təmsil olunan bütün qurumları Baş plana daxil ediləcək strateji layihələrlə bağlı təkliflər irəli sürməyə dəvət edirik. Strateji layihələr Bakının müəyyən olunmuş 4 əsas inkişaf prioritetləri çərçivəsində hazırlanaraq Baş planın reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək.”

Daha sonra “BCG” məsləhətçi şirkətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri çıxış edərək İşçi Qrupun iş prinsipləri, növbəti müddət ərzində fəaliyyətinin plan-qrafiki, strateji layihələrə dair təkliflərin hazırlanması formatı, habelə Bakının aşağıdakı 4 əsas inkişaf prioritetləri barədə ətraflı təqdimatlarla çıxış etdilər:

  1. Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;
  2. Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;
  3. Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;
  4. Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.

Çıxışların ardınca mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iclas iştirakçılarının qaldırdığı suallar cavablandırıldı.

FOTOŞƏKİLLƏR




geriyə