Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda birgə ağacəkmə aksiyası keçirildi

06 may 2019

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti birgə ağacəkmə aksiyası keçirmişdir. Aksiya paytaxtın Xətai rayonunun Cavanşir küçəsi boyunca ayrılmış ərazidə təşkil edilmişdir. Hər iki qurumun ümumilikdə 200 nəfərdən çox əməkdaşı tərəfindən 1000-ə yaxın eldar şamı, kiparis və digər ağaclar əkilmişdir.

Qeyd olunmalıdır ki, ağacəkmə aksiyasından əvvəl həmin ərazinin ümumi görünüşünə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülmüş, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilmişdir.

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ətraf mühitin mühafizəsini və ekoloji durumun yaxşılaşdırılmasını prioritet məqsədlərdən biri kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin yaşıllaşdırılması və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı həyata keçirilən davamlı tədbirlər də bu siyasətə söykənir. Ulu öndərin doğum günü ərəfəsində keçirilən bu iməcilik, küçə boyunca əkilən yeni ağaclar və ərazinin abadlaşdırılması Bakı şəhərində ekoloji tarazlığın bərpası və paytaxtın daha da gözəlləşdirilməsi istiqamətində görülən sistemli işlərin davamıdır.

Dövlət qurumlarının səmərəli əməkdaşlığı sayəsində mütəmadi keçirilən bu növ tədbirlər Bakı şəhərində ekoloji təhlükəsizliyi təmin etməklə yanaşı, paytaxt sakinlərinin maraqlarına xidmət edir, sağlam ətraf mühitin formalaşmasına və paytaxtın estetik görünüşünün daha da yaxşılaşmasına istiqamətlənir.

Bununla yanaşı, may ayı ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı sistemli işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

 

 

      

 

 

 

 

 




geriyə