Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Baş Prokurorluğunun BİRGƏ MƏLUMATI

20 dekabr 2018

Məlumat verildiyi kimi, tikinti sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxsləri tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən dörd hündürmərtəbəli binalardan üçü üzrə Komitə ilə razılaşdırılmış ərazi-planlaşdırma sənədlərində qeyd olunmuş tələblərin pozulması halları müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Komitədən Baş İdarəyə daxil olmuş materiallar araşdırılarkən həmin cəmiyyət tərəfindən inşa edilən binalardan birinci, üçüncü və dördüncü yaşayış binalarının mərtəbələrinin sayının layihədə nəzərdə tutulduğundan artıq inşa edildiyi, habelə birinci və dördüncü yaşayış binalarında əlavə olaraq mansardların tikildiyi müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz hərəkətlərlə “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 və 222-1.1-ci maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.

 




geriyə