Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Müasir Azərbaycanın Memarı və Qurucusu – Heydər Əliyev” adlı tədbir keçirildi

10 may 2018

10 may 2018-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin 95-illiyi münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Müasir Azərbaycanın Memarı və Qurucusu – Heydər Əliyev” adlı tədbir keçirildi.

Tədbirin əvvəlində Ulu Öndərin büstu qarşısında güllər qoyuldu, Heydər Əliyevin əziz xatirəsi yad edildi.

İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev müstəqil Azərbaycan dövlətinin qurulmasında və qüdrətlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən, ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən danışdı. O, həmçinin, bildirdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr respublikamızda əhəmiyyətli iqtisadi yüksəliş, habelə geniş abadlaşdırılma işləri, yeni yaşayış məskənlərinin salınması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi xalqın yaddaşında qalmışdır. Məişət mədəniyyətinin yüksəldilməsində əsas şərtlərdən biri də mənzil tikintisi və şəhərsalma fəaliyyətinin səlis planlaşdırılmasıdır. Şəhərsalmanın əhəmiyyətini dəqiq qiymətləndirən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində urbanizasiyanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir vermişdir.

Azərbaycanın ən ağır günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edərək Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını vurğulayan Komitə sədri, ölkə vətəndaşlarının bu qayıdışı ümid və sevinclə qarşıladıqlarını, həmin günün Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi.

Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Samir Nuriyev Ümummilli Liderin şəhərsalma və memarlıq sahələrinə daim göstərdiyi xüsusi diqqət və qayğıdan söz açaraq bildirdi ki, Heydər Əliyev memarlıq işlərini yüksək qiymətləndirir, memar əməyinə həmişə qayğı ilə yanaşırdı, memarlara yeni tikilən binalarda milli memarlıq üsülubuna geniş yer verməyi, binaların interyer və eksteryerlərində milli naxışlardan səmərəli istifadə etməyi tövsiyyə edirdi. Komitə sədri vurğuladı ki, bu gün hər bir tikinti işçisi, layihəçi və memar fərəh duyur ki, o, Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə yaşayır, işləyir və çalışır. Ulu öndərimiz bütün bacarığı və işgüzarlığını dünya xalqları içərisində xalqının daha layiqli təmsil olunmasına, rifah halının yaxşılaşmasına, firəvan həyat sürməsinə həsr etmişdir.

Daha sonra söz Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü və Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızına verildi. Məlahət xanım tədbir iştirakçılarına müraciət edərək qeyd etdi ki, Ulu Öndər Azərbaycan xalqının həm dünənini, həm bugününü, həm də gələcəyini təhlükələrdən qoruyaraq xalqımızın dünya birliyinə müstəqil dövlət kimi daxil olmasına nail oldu. Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə Azərbaycanı SSRİ-nin assimilyasiya siyasətindən qoruyaraq dövlət dilinin Azərbaycan dili olmasına nail oldu.

Məlahət xanım, eyni zamanda, vurğuladı ki, 1991-1993-cü illərdə vətəndaş müharibəsinin baş verdiyi və Ermənistanın Azərbaycana təcavüz etdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bu bəlalardan xilas edə bildi və 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına nail olmaqla nəinki Azərbaycanın, həmçinin regionun gələcək inkişafı üçün zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev məktəbinin davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində bugün Azərbaycan sülh, əmin-amanlıq ölkəsinə çevrilib.

Tədbir çərçivəsində, həmçinin, Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev çıxış edərək mövzu ətrafında məruzələrini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

İclası yekun sözlə bağlayan Komitə sədri Samir Nuriyev vurğuladı ki, zaman keçdikcə Ümummilli Lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Azərbaycanda hüquqi dövlətin banisi, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir.

Sonda Samir Nuriyev xüsusi vurğuladı ki, Ümumilli Liderin siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın davamlı və hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və ölkədə həyat keyfiyyətinin yüksəlməsinə hədəflənən ali dövləti fəaliyyətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hər zaman dəstək olunacaq, qarşıya qoyulan vəzifələri ən yüksək səviyyədə yerinə yetirmək üçün bütün səylər səfərbər ediləcək!

FOTOŞƏKİLLƏR




geriyə