Komitədə 2017-ci ilin birinci rübünün yekunlarına dair iclas keçirilmişdir

05 may 2017

Mayın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2017-ci ilin birinci rübündə Komitə tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilmişdir.

İclası Komitənin sədri Abbas Ələsgərov açaraq bildirdi ki, bugünkü iclasın keçirilməsində əsas məqsəd Komitə tərəfindən 2017-ci ilin birinci rübündə görülmüş işlər, ən əsası isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin verdiyi tapşırıqların icrası və qarşıda duran vəzifələr barədə müzakirələr aparmaqdır.

Komitə tərəfindən 2017-ci ilin birinci rübü ərzində görülmüş işlərə dair geniş məruzə ilə çıxış edən Komitənin Aparat rəhbəri Ağamirzə Canmirzəyev 2017-ci ilin birinci rübünün uğurla başa vurulduğunu bildirdi və qeyd etdi ki, cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında digər sahələrlə yanaşı inşaat sektoru haqqında da danışaraq keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar nəticəsində bu il inşaat sektorunda canlanma müşahidə olunduğunu vurğulamışdır.

A.Canmirzəyev bidirdi ki, cənab Prezidentin qeyd etdiyi layihələrdən biri də Bakı şəhərinin müxtəlif yerlərində köhnəlmiş, qəzalı vəziyyətdə olan binaların sökülüb yenidən qurulması ilə bağlı “Pilot layihə” olmuşdur ki, bu layihənin həyata keçirilməsində Komitə öz səlahiyyətləıri çərçivəsində  yaxından iştirak edir və qarşıdakı dövr ərzində də bu layihənin icrası ilə bağlı işlər cənab Prezidentin tapşırıq və tövsiyələri əsas götürülərək Komitə üçün prioritet istiqamətlərdən biri olacaqdır.

İclasın sonunda Komitənin sədri Abbas Ələsgərov Komitənin qarşıdakı fəaliyyətinə dair, o cümlədən cənab Prezidentin verdiyi tapşırıqların, Komitənin fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarının, Dövlət Proqramları və Milli Fəaliyyət Planlarının icrası ilə bağlı müvafiq tapşırıqlarını verdi.




geriyə