Komitədə 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilmişdir

19 yanvar 2017

Yanvarın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Komitənin sədri Abbas Ələsgərov tədbiri açaraq bildirdi ki, 20 yanvar faciəsindən artıq 27 il keçir və biz bu gün 20 yanvar şəhidlərini yad edirik.

Tədbirdə 20 yanvar şəhidlərinin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 yanvar faciəsindən bəhs edən film nümayiş olundu.

Sonra Komitənin Baş məsləhətçisi Oqtay Salamov 20 yanvar faciəsi barədə geniş məruzə ilə  çıxış etdi və qeyd etdi ki, 20  Yanvar Azərbaycan tarixində  təkcə  faciə  deyil,  Azərbaycanın  istiqlal  yolunun  ilk  zirvəsi,  milli  azadlıq  istəyinin  oyanış  günüdür.  Bu,  uzun illər sovet  imperiyasının  əsarətində  yaşayan  xalqın  azadlıq  səsini  ucaltdığı,  suverenliyi  uğrunda  cəsarət  nümayiş  etdirdiyi  şərəfli  bir  tarixdir.  Bu  tarix  həm  də  kimin  kim  olduğunu  sübut  edən  növbəti  imtahan  idi.

1990 – cı  il  yanvarın  19 – dan  20 – nə  keçən  gecə  Bakıda  sovet  ordusu  tərəfindən  dinc  əhaliyə  qarşı  dəhşətli,  kütləvi  qırğın  hadisəsi  törədildi.  Bu  qanlı  hadisənin  törədilməsində  əsas  məqsədlərdən  biri  öz  haqlı  tələblərini    irəli  sürən,  bu  tələblərə  demokratik  yollarla  nail  olmaq  istəyən,  istiqlaliyyət,  azadlıq,  suverenlik  istəyində  olan  Azərbaycan  xalqının iradəsini  qırmaq,  insanların  müstəqillik  arzularını  tankların  altında  əzmək  idi.  Sovet  imperiyası  günahsız  insanların  qanını  axıtsa  da,  xalqımıza  qarşı  misli  görünməmiş  qəddarlıq  etsə  də,  istəyinə  nail  ola  bilmədi,  milli  qürurumuzu  qıra  bilmədi.

Bakıda  olmamasına  baxmayaraq,  hər  kəsdən  əvvəl  xalqının  səsinə  səs  verən  də  məhz  Heydər  Əliyev  olduğunu deyən O.Salamov bildirdi ki, Ümummilli  liderimiz  Moskvada  xüsusi  nəzarət  altında  ola – ola,  özünün  və  ailə  üzvlərinin  həyatını  açıq  təhlükə  qarşısında  qoyaraq,  hadisələrdən  dərhal  sonra,  1990 –cı  il  yanvarın  21 –də  Azərbaycanın  Moskvadakı  daimi  nümayəndəliyinə  gəldi.  Ulu  öndər  təcavüzə  kəskin  etirazını  bildirdi,  faciəni  törədənləri,  şəxsən  M. Qorbaçovu  kəskin  ittiham  etdi,  qoşunların  Bakıdan  çıxarılmasını  tələb  etdi.

Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevın  1990 –cı  il  21  yanvar  tarixli  bəyanatı  həm  də  faciəyə  verilən  ilk  siyasi  qiymət  idi – özü  də  imperiyanın  mərkəzində,  Moskvada.

Tədbirdə digər çıxış edənlər 20 yanvar faciəsinin azadlıq üçün ayağa qalxmış insanlara qarşı törədilmiş qətliam olduğunu bildirdilər və xalqımıza bir daha belə bir faciənin yaşamamasını arzuladılar. 

FOTOŞƏKİLLƏR




geriyə